Turizm sənayesinin ayrı-ayrı sahələrində fəaliyyət göstərən sahibkarların nəzərinə

10:34 06.08.2020

Azərbaycan Respublikasının Nazirlər Kabineti COVID-19 pandemiyasının iqtisadi subyektlərə təsirlərinin azaldılması məqsədilə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sənayesində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin proqramdan operativ şəkildə yararlanması üçün müəyyən məqamları diqqətə çatdırır.

Yeni dəstək proqramının istiqamətləri:

  • Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı;
    Fərdi (mikro) sahibkarlara birbaşa maliyyə dəstəyinin göstərilməsi proqramı.

Maliyyə yardımının şərtləri:

  • Bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və işçi sayını ciddi şəkildə azaltmayan vergi ödəyiciləri 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə yardımı alacaq. Hər bir sahibkar üçün hesablanan cəmi yardım məbləği iki ay (avqust, sentyabr ayları) ərzində ödəniləcək və hər ödəniş cəmi yardım məbləğinin 50 faizi həcmində olacaq.
  • Fərdi (mikro) sahibkarlara birbaşa maliyyə yardımı proqramı isə birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış sahibkarlara şamil edilir və həmin sahibkarlar təkrar 250 manat həcmində maliyyə yardımı alacaqlar.

Dəstək proqramından istifadə üçün aşağıdakı məqamlara diqqət edilməsi tövsiyə olunur:

  • Birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş və ötən müddət ərzində bank rekvizitlərində hər hansı dəyişiklik olmayan vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Proqram çərçivəsində yardım əvvəlki məlumatlar əsasında ödəniləcək.
  • Lakin bu günədək pandemiyadan müdafiə təyinatlı proqramlar çərçivəsində maliyyə dəstəyi almamış vergi ödəyiciləri 10 avqust 2020-ci il tarixinədək (növbəti 4 gün müddətində) İnternet Vergi İdarəsi (https://www.e-taxes.gov.az/ ) elektron portalına daxil olmaqla onlayn formada müraciətini göndərməlidir. Əks halda, yardımla əlaqədar müraciətlər nəzərə alınmayacaq.

Müraciət zamanı təqdim edilən bank hesabının aktiv olub-olmaması məsələsinə diqqət edilməsi tövsiyə olunur.