Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb

13:58 08.02.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb.
 
Broşürdə Şəki Destinasiya Menecmenti Təşkilatının fəaliyyət dairəsini əhatə edən Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə mədəni-tarixi abidələr, təbiət gözəllikləri, piknik və gəzinti yerləri, mətbəx nümunələri, sənətkarlıq emalatxanaları, səyahət edərkən istifadə edilən nəqliyyat növləri haqda ətraflı məlumatlar əksini tapıb.
 
İngilis dilində hazırlanmış broşürdə, həmçinin regiondakı muzeylərin ünvanları, giriş qiymətləri, əlaqə vasitələri və digər faydalı məlumatlar yer alıb.
 
Çap materialını bu keçidə daxil olaraq onlayn formatda əldə etmək mümkündür.

Qeyd edək ki, bundan öncə Şimal-qərb turizm dəhlizi üzrə Şəki və Zaqatala şəhərlərinin turist xəritələri və Şəki sənətkarlarının xəritəsi ərsəyə gətirilmişdi. Şimal-qərb regionunda Şəki, Zaqatala, Balakən və Qax rayonların əsas turizm təcrübələrini özündə əks etdirən “Şimal-qərbdə 10 gəzməli-görməli yer” və “Şimal-qərbdə əsas turizm təcrübələri” adlı broşürlər hazırlanmışdı.
 
Lənkəran Destinasiya Menecmenti Təşkilatı tərəfindən bölgənin regional xəritəsi, “Cənub regionunda 10 əsas təbiət təcrübələri” və “Lənkəranda 10 əsas turizm fəaliyyəti” broşürləri, Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən isə Quba və Qusar şəhərlərinin turist xəritələri, “Qubada 10 gəzməli-görməli yer”, “Qusarda 10 əsas gəzməli-görməli yer”, “Şimal regionunda əsas təbiət təcrübələri” adlı broşürlər nəşr edilmişdi.