Qərb regionu üzrə yeni yaradılmış “Yerli Ekspertlər Şəbəkəsi” üçün ilk təlim keçirilib

16:17 27.05.2022

Qərb regionunda turizm xidmətlərinin keyfiyyətini yüksəltmək, turizm sənayesinin iştirakçılarının bilik və bacarıqlarını artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin tapşırığı ilə Gəncə Destinasiya Menecmenti Təşkilatı tərəfindən sənayenin müxtəlif sektorlarında və turizm ixtisası ilə bağlı təhsil müəssisələrində fəaliyyət göstərən təcrübəli mütəxəssislərdən ibarət “Yerli Ekspertlər Şəbəkəsi” yaradılıb.

“Yerli Ekspertlər Şəbəkəsi” proqramının əsas yanaşması sənayedə çalışan təcrübəli peşəkarların müasir təlimvermə sahəsində bilik və bacarıqlarını artıraraq onları əsas iş yerindən ayırmadan ustad təlimçi kimi hazırlanmalarına dəstək vermək, sənayenin təlim ehtiyaclarını operativ və dayanıqlı şəkildə həll etməkdir.

Proqram çərçivəsində regionun turizm sənayesi üçün aktual mövzularda nəzəri və praktiki məşğələləri özündə əks etdirən “Kənd turizmi və aqroturizm”, “Təbiət və macəra”, “Turizm və qonaqpərvərlik sənayesində marketinq və təbliğat”, “Xidmət sənayesi” və “Tədbirlərin planlanması və idarəolunması” modulları üzrə silsilə təlimlər planı hazırlanıb.

Bundan əlavə, “Yerli Ekspertlər Şəbəkəsinin” üzvlərinin Azərbaycan Turizm Bürosunun nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin təşkil etdiyi təlimlərə mütəxəssis qismində cəlb olunması planlaşdırılır.

Yerli ekspertlər şəbəkəsinin “Təlimçi bacarıqları”na həsr olunan ilk təlimçilərin təliminə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı dəstək göstərib. İlk təlim 7-9  və 22 may tarixlərində Bakı Layihə Menecmenti Mərkəzi tərəfindən həyata keçirilib. Nəzəri və praktiki məşğələlərdən ibarət olan bu təlimdə 19 nəfər iştirakçılar səmərəli təlim kurslarının hazırlanması və keçirilməsi barədə əhəmiyyətli biliklər əldə edə biliblər. Təlimi müvəffəqiyyətlə bitirən  14 nəfər sertifikatlarla təltif edilib.

Qeyd edək ki, yerli ekspertlər şəbəkəsinin əsas tərəfdaşları Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Dövlət Universitetidir.