Şəki UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb

14:00 08.07.2019

İyulun 7-də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı növbəti nominasiya müzakirə edilib. 

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda yerləşir. 

Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir. 

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb. 

Müzakirələr zamanı Küveytdən, Anqoladan, Çindən, Bəhreyndən, Braziliyadan, İndoneziyadan, Tanzaniyadan, Tunisdən, Qırğızıstandan, Bosniya və Herseqovinadan, Uqandadan, Norveçdən, Zimbabvedən, Burkina-Fasodan, İspaniyadan, Qvatemaladan, Avstraliyadan olan nümayəndələr bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıblar. 

Azərbaycan nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub. 

Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.

 

Mənbə: AzərTAc