Florian Zenqstşmid gənc turizmçilərlə görüşüb

15:05 21.08.2020
Avqustun 21-də “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidlə könüllü gənclərin onlayn görüşü keçirilib.

“All round tourism” (“Hərtərəfli turizm”) layihəsi çərçivəsində baş tutumuş görüşdə Florian Zenqstşmid turizmin iqtisadiyyatın aparıcı qollarından biri olduğunu bildirərək bu istiqamətdə təhsilin önəmindən, onun beynəlxalq standartlara və turizm sənayesinin tələblərinə uyğun inkişafından danışıb.
 
O diqqətə çatdırıb ki, gənclərin turizm ixtisasları üzrə peşəkar kadr kimi formalaşması üçün nəzəri biliklərlə yanaşı, praktiki fəaliyyət də mühüm əhəmiyyət daşıyır və könüllülük fəaliyyəti bunun bir hissəsidir.
 
Florian Zenqstşmid Azərbaycanın turizm brendinin dünyada təqdimatı ilə bağlı verilən suala cavab olaraq bildirib ki, bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda “Take another look” (Bir daha bax) şüarına əsaslanan turizm brendi ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayıb və 20-dən çox beynəlxalq mükafata layiq görülüb.
 
Onlayn görüş çərçivəsində, həmçinin postpandemiya dövründə Azərbaycan Turizm Bürosunun görəcəyi işlər, Dövlət Turizm Agentliyi tərəfindən mehmanxanalarda başladılacaq monitorinq prosesi və digər mövzular ətrafında müzakirə aparılıb.
 
“Zoom” platforması vasitəsilə keçirilmiş görüş ərzində gənclər öz sual və təkliflərini ATB rəsmisinə ünvanlayıblar.
 
Qeyd edək ki, “All round tourism” (“Hərtərəfli turizm”) layihəsinin məqsədi Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və bu sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm sənayesində olan mövcud iş mühiti ilə tanış etmək, sənayedə olan son yeniliklər və gələcək planları müzakirə etmək, eləcə də iştirakçılar tərəfindən təqdim olunan təklifləri qiymətləndirməkdir.