DTA-nın Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib

DTA-nın Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib

13:10 14.01.2021
Yanvarın 14-də Dövlət Turizm Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib.
 
Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Mingəçevir Turizm Kollecinin tələbələri - Xalid Kamranlı, Rəşad Mirəzli, Rüfət Musayev, Əkbər Tağıyev və Şahin Tahirli anılıb.
 
Vətən müharibəsində Agentliyin 4 əməkdaşının da iştirak etdiyi qeyd edilib. Görüş çərçivəsində Agentlik sədri Fuad Nağıyev müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl, Xocavənd, Əsgəran və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən Fuad Abbasova xüsusi təşəkkürünü bildirib.
 
Eyni zamanda digər müharibə iştirakçıları - “Basqal” qoruğunun əməkdaşı Məsud Feyzullayev, “Lahıc” qoruğunun əməkdaşı Ayaz Bayramlı, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin əməkdaşı Yusif Məhərrəmov haqqında da ətraflı məlumat verilib. Mövcud vəziyyətlə əlaqədar görüşdə iştirak edə bilməyən əməkdaşlara çalışdıqları müəssisələrdə keçirilən tədbirlərdə Agentlik sədri adından xüsusi minnətdarlıq çatdırılıb.
 
Bildirilib ki, Yusif Məhərrəmov şəxsi igidlik və şücaətinə görə cənab Prezident tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
 
Görüşün sonunda mütəmadi olaraq cəbhəboyu ərazilərdə əsgər və zabitlərimizə mənəvi dəstək və yardım kampaniyalarında fəal iştirak edən turizm sənayesinin DTA tərəfindən təltif olunan bir sıra nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.