Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Akos Niklai ilə görüşüb

11:41 14.08.2018
14 avqust 2018-ci il tarixində “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Azərbaycana səfəri çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.
 
Görüş çərçivəsində Azərbaycanın turizm imkanları, mövcud infrastruktur, bütövlükdə turizm sənayesinin inkişafı haqqında müzakirələr aparılıb.
 
Akos Niklai Avropanın ən böyük turizm sənayesi iştirakçılarını birləşdirən “HOTREC – Hospitality Europe” təşkilatının Azərbaycanda sabit və güclü hotellər assosiasiyasının formalaşdırılması işində Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosuna dəstək verməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, qabaqcıl turizm təcrübələrinin öyrənilməsi və bunun yerli kolorit əsasında mövcud potensialı inkişaf etdirmək istiqamətində tətbiq edilməsi, bütövlükdə turizm sənayesində, xüsusilə hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətinin artırılması istiqamətində işlərin görülməsi vacib məqamlardandır.

Görüş zamanı Azərbaycanın təşkilata müşahidəçi statuslu üzv olması məsələsi də müzakirə edilərək bunun üçün lazımi prosedurlara başlanılması qərarlaşdırılıb.

“HOTREC – Hospitality Europe” Avropanın 30 ölkəsindən 43-dən çox turizm üzrə ixtisaslaşmış assosiasiyaları, hotel, restoran və bu istiqamətdə ixtisaslaşmış şirkətləri birləşdirərək, turizm sənayesinin inkişafı, innovasiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eyni zamanda yeni “yaşıl” texnologiyalar vasitəsilə ətraf mühitin qorunması, qastronomik turizmdə resursların daha effektiv istifadəsi, eləcə də sağlam və təhlükəsiz qida prinsipi əsasında dayanıqlılığın təmini, turizm sənayesi iştirakçıları arasında rəqabətliliyin artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.