mountana

Çində Azərbaycanın turizm təbliğatı genişləndiriləcək

13:31 08.10.2019
Azərbaycan Turizm Bürosu və “ETI Holidays” çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər.
 
Bu barədə oktyabrın 7-də Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje arasında görüşdə razılıq əldə olunub.
 
Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır.
 
Guo Dongje təmsil etdiyi şirkətin 5000 subagentdən ibarət şəbəkə ilə əməkdaşlığından söz açaraq bu təlimlərin Azərbaycanın tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

O, növbəti ildən Pekindən başqa Çinin daha bir şəhərindən də Bakıya uçuşların planlaşdırıldığını bildirib.

Florian Zenqstşmid görüş zamanı Çin Xalq Respublikası ilə Azərbaycan arasında tarixi əlaqələrdən danışıb və bu ölkə bazarının ölkəmiz üçün vacibliyini qeyd edib.

O, diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin sentyabr ayının sonunadək bu say 20 min nəfər təşkil edib və rəqəmlər yaxın gələcəkdə dəfələrlə artacaq.
 
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.