Bakı Turizm İnformasiya Mərkəzi və Dövlət Aqrar Ticarət Şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

02:00 23.11.2018

23 noyabrda Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi (Baku Tourism Information Center) ilə Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Sənədin imzalanmasında məqsəd Bakıda və ümumiyyətlə, bütün ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir. 

Hər iki qurum faydalı əməkdaşlıq çərçivəsində turistləri kənd təsərrüfatı məhsulları haqqında məlumatlandırmaq üçün birgə tədbirlər həyata keçirməyi qərarlaşdırıb. 

Müştərək fəaliyyət Bakı şəhərində turizmin inkişafına, eləcə də kənd təsərrüfatına töhfə verməyi, Azərbaycan istehsalı olan kənd məhsullarının ölkəmizdə səfərdə olan turistlərə tanıdılmasını hədəfləyib. 

Mərasimdə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova tərəfindən qurumların fəaliyyəti haqqında iştirakçılara məlumat verilib, əməkdaşlıq çərçivəsində planlaşdırılan və görüləcək işlər haqqında təqdimat keçirilib.