Azərbaycan və Böyük Britaniya arasında turizm əlaqələri inkişaf edir

20:01 20.02.2019

Fevralın 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

 

Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, iki ölkə arasında təcrübə mübadiləsi, turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin tarixi abidələrin turizmə qazandırılması, qorunması və konservasiyasının turizmin inkişafındakı rolu mövzusunda fikir mübadiləsi aparılıb.

 

Fuad Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə Londonda keçirilən 2018-ci ilin noyabrında Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2018”) təqdim olunduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn səyahətçilərin sayı 29399 nəfər olub.