Azərbaycandakı polyak memarlıq irsi ilə bağlı təqdimat keçirilib

12:20 18.02.2022
Fevralın 17-də Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Polşa-Azərbaycan turizm və mədəni əlaqələrinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Azərbaycan və Polşa diplomatik əlaqələrinin 30 illiyindən, eləcə də mədəni əlaqələrin tarixi və günümüzədək gəlib çatmış polyak irsindən bəhs edilib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Polşa səfirliyi və ATB-nin birgə hazırladığı “Azərbaycanda polyak izləri” broşürü və “Polyak izləri ilə” piyada marşrutu haqda iştirakçıları məlumatlandırıb.

Florian Zenqstşmit bildirib ki, hazırlanmış çap materialları Azərbaycana səfər edən polşalı ziyarətçilərin məlumatlandırılması üçün unikal vasitədir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Polşa memarları tərəfindən Bakıda yaradılan abidələr şəhərin özünəməxsus gözəlliyinin yaradılmasında, mühüm rol oynayıblar və bu gün də həmin abidələrə xüsusi qayğı göstərilir.

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayaraq Azərbaycanda polyak memarlarının ərsəyə gətirdiyi memarlıq nümunələrindən danışıb, bu haqda çəkilən sənədli film haqqında məlumat verib.

Sonda polyak memarlarının Azərbaycanda yaratdığı memarlıq nümunələri ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.

Qeyd edək ki, polyak irsi üzrə broşürü Azərbaycan Turizm Bürosunun tourismboard.az veb-saytının “Nəşrlər” bölməsindən, Bakıda polyak irsi ilə bağlı piyada marşrutu haqqında məlumatları isə Azərbaycan, rus ingilis dillərində “Azerbaijan.travel” veb-saytından əldə etmək mümkündür.