Azərbaycan və Ukrayna arasında turizm əlaqələri müzakirələri olunub

22:50 29.11.2018
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Nümayəndə heyətinin tərkibində Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutka, Trustkavets şəhər şurasının sədri Andrey Kulçitskiy və bir sıra dövlət nümayəndələri təmsil olunublar.
 
Görüşdə səfir Aleksandr Mişenko 2019-cu ilin aprel ayında Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF 2019) Ukraynanın daha böyük stendlə təmsil olunmaq istəyini bildirib.
 
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev AİTF 2019 sərgisində Ukraynanın turizm potensialının nümayişi üçün daha böyük stendin ayrılması üçün müvafiq köməklik göstərilə biləcəyini qeyd edib.
 
Daha sonra Azərbaycan və Ukrayna arasında cari turizm əlaqələri haqqında və gələcək əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb.
 
Truskavets və Naftalan kurortlarının qarşılıqlı olaraq Azərbaycanda və Ukraynada müalicə və sağlamlıq turizminin bir hissəsi kimi təbliğatının aparılması qərarlaşdırılıb.