Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

11:36 01.06.2023
Azərbaycan 30 may – 2 iyun tarixlərində Nepalın Pokhara şəhərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təmsil olunur.

Məsuliyyətli və davamlı turizm sənayesinin inkişafında geniş müzakirələrin aparılmasına və imkanların araşdırılmasına həsr olunan tədbirdə ölkəmizi Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov təmsil edir.

Florian Zenqstşmid mayın 31-də "Məsuliyyətli turizm sənayesi üçün çağırışlar və imkanlar" adlı sessiyada panel spikeri qismində iştirak edib.

Panel müzakirəsində məsuliyyətli turizmin müxtəlif aspektləri, sənayenin üzləşdiyi problemlər və davamlı inkişaf üçün potensial imkanlar haqqında fikir mübadiləsi aparılıb.

Paneldə çıxış edən Florian Zenqstşmid Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atdığını və bu istiqamətdə nəticələr əldə etdiyini qeyd edib.

O, Azərbaycanda quş müşahidəçiliyi və gəzinti marşrutları kimi dayanıqlı turizm təkliflərinin inkişaf etdirildiyini, daha çox ekoloji cəhətdən təmiz təcrübələrin təbliğinə diqqət yetirildiyini, eyni zamanda yerli mətbəx və qədim üsulların qorunmasını dəstəkləyən Slou Fud layihəsi kimi təşəbbüslərin mövcudluğunu diqqətə çatdırıb.

Səfər çərçivəsində Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov PATA-nın regionda turizmin gələcəyi və qərarların qəbulu prosesinə həsr olunmuş hökumət nümayəndələrinin iclasında iştirak edib.

Qeyd edək ki, PATA-nın illik sammiti turizm sənayesinin inkişafındakı problemləri və fürsətləri müzakirə etmək üçün dövlət və özəl sektoru təmsil edən beynəlxalq turizm nümayəndələrini bir araya gətirən platformadır.

Azərbaycan PATA-ya 2019-cu ildən etibarən üzvdür.